Saat

Səssiz ev

Eric yuxudan ayıldı. Pəncərəyə baxdıqda hələ havanın qaranlıq olduğunu gördü. Qəribədir, bugün nədənsə tez oyanmışdı. Dərsi 9-da başladığından zəngli saatını adətən saat 8-ə qurardı. 15 dəqiqə ona hazırlanmaq və yemək yemək üçün kifayət idi. Saata nəzər saldı. Hələ əqrəblər 6-nı göstərirdi. Buna elə də fikir vermədi. Hamımız bəzən vaxtsız oyana bilirik.

        Eric 17 yaşında, tünd sarıya çalan saçları və çilli üzü olan bir gənc idi. Otağının gənclərə məxsus bir havası vardı. Çox səliqəli sayılmazdı, lakin yerdə zibil yaxud ayağa ilişən başqa bir şey yox idi. Divarlar açıq mavi rəngli, yer isə parket idi. Otaqda yataq, şkaf, yazı masasından başqa əşya yox idi.

        Oğlan tez oyanmasına baxmayaraq yerində qalmaq fikrində deyildi. Telefonu əlinə alaraq mesajlarını yoxladı. Bir neçə dəqiqədən sonra ayağa qalxıb geyindi. Saata bir daha nəzər saldıqda isə bir qəribəlik hiss etdi. Əqrəblər necə var idisə elə də qalıb saat düz 6-nı göstərirdi. Lakin artıq bir neçə dəqiqə keçmişdi. Telefonu əlinə aldı. Bayaqdan fikir verməmişdisə də, telefonda da saatın 6:00 olduğunu gördü. Elə qəribə bir şeyin baş verdiyini o anda sezdi.

        Otağından çıxıb taxta pilləkənlərlə tələsik aşağı endi. Koridorda komodun üzərində olan elektron saata baxdı: 6:00. “Lənət olsun, deyəsən saatlar mənimlə oyun oynayır” deyə pıçıldadı. Hər halda zaman dayanmayacaqdı ki?! Bu fantastik bir film deyildi! Mətbəxə gedib stoldakı peçenyelərdən yeyib bir az da su içdi. Sonra koridordakı saata yaxınlaşdı. Sanki saat onu dişləyəcəkmiş kimi toxunmağa çəkinirdi. Cəsarətini toplayıb saatı əlinə aldı. Üzərindəki düymələrlə bir müddət saatın göstəricisini dəyişdi. Saatı 7:00 edib yerinə qoydu və bir dəqiqə həyəcanla gözlədi. Lakin xeyri yox idi. Saatlar sanki donmuşdu. Yoxsa zaman donmuşdu? Sakit qalmağa çalışıb valideynlərinin otağına tərəf getdi. Qapını yavaşca açıb içəri baxdıqda ikisinin də sakitcə yatmış olduğunu gördü. Öncə onları oyadıb bu məsələni aydınlaşdırmaq istədi. Amma bir saniyə içində qərarını dəyişdi. Böyük ehtimalla bir təsadüf nəticəsində bütün saatların, hətta telefonunun da nasaz olduğunu düşündü. Axı o hələ gənc idi. Bu gəncin xəyal gücündə hələ ki, belə ehtimallara və təsadüflərə yer var idi. Birdən ağlına gəldi ki, bəlkə dostuna mesaj yazıb bu qəribəlik barədə ona da bildirsin. Yox, yox, elə zəng vurub oyatsa daha yaxşıdır çünki bu vaxt oyaq olmayacaqdı. Xoşbəxtlikdən bu dost qarşı küçədəki evlərdən birində yaşayırdı. Hələ də israrla saatın 6 olduğunu “qışqıran” telefonunu əlinə alıb dostuna zəng etdi. O, telefonu götürmürdü. Eric evdən çıxıb dostunun evinə tərəf bir nəzər salmağı qərara aldı. Bəlkə elə indicə evlərinin yuxarı mərtəbələrindən birinin işığı yanacaqdı?! Ömür boyu unutmayacağı o anı yaşamaq üçün evin qapısına doğru addımladı. Qapının kilidini açdı və qapını araladı. Öncə gördüklərini qavramaqda çətinlik çəkdi. Bir anlıq bütün bədəni dondu çünki bir növ şok yaşayırdı. Bu insan ağlının qəbul edəcəyi bir şey deyildi. O an həm qışqırmaq, həm ağlamaq istəyən Eric heç birini edə bilmədi. Sadəcə donmuş baxışlarla indicə kabusdan ayılacağını gözlədi amma heç nə olmadı. Nə etdiyini bilmədən cəld qapını çırpıb içəri qayıtdı. Lakin evdəki bu dəliedici səssizlik daha betər idi. Var gücü ilə valideynlərinin otağına qaçdı. Qapını açıb özünü yatağa atdı. Bütün səsi ilə “Oyanın! Ata! Ana! Hey! Oyanın!” qışqırırdı. Ancaq deyəsən hələ onu gözləyən sürprizlər bitməmişdi. Nə atadan, nə anadan bir səs gəldi. Oğlan artıq bu qədərinə dözə bilmirdi. “Nolar, yalvarıram, oyanın! Oyanın!” deyib ağlamağa başladı. Sanki ölmüşdülər. Lakin bu ölüm deyildi! Hər ikisinin üzünün rəngindən həyatda olduqları açıq-aşkar bilinirdi. Eric isə bunları düşünəcək halda deyildi. Tez özünü yataqdan kənara atdı. Nə otaqdan çıxmağa cəsarət edə bilirdi, nə də səsi çıxmayan valideynləri ilə qala bilərdi. Otaq, bu səssizlik, pəncərədən görünən qaranlıq onu dəhşətə salırdı. Artıq nə etdiyini bilmədən özünü bayıra atdı və bütün gücü ilə pilləkənləri qalxıb otağına girdi. Qapını elə möhkəm çırpdı ki, divardakı saat möhkəm səslə yerə düşdü. Eric isə çarpayıya girib indicə başına bir iş gələcəyi qorxusu ilə gözlərini yumdu. Orada nə qədər qaldığını bilmədi çünki özündə deyildi. Həm də nə qədər qaldığının bir önəmi var idimi? Lənətə gəlmiş saat 6 idi...

Heç nə yuxu deyil

        O sanki bircə ana həbs olmuşdu. Amma yox! Gənc bir müddətdən sonra baş verənlərdə bir məna axtarmağa başladı. Başını yorğanın altından çıxardı və evin qapısını açanda gördüklərini düşünməyə başladı. Eric zamana həbs olmamışdı. O qapıdan bayırda gördüklərini dəfələrlə xəyalından keçirdi. Normalda bu mənzərəyə hər gün şahid olurdu. Qapını açanda öz küçələrini olduğu kimi görmüşdü. Problem zaman idi. Qapını açdıqda günəş üzünü işıqlandırmışdı. İnsanlar isə küçələrə doluşmuş, işə yaxud dərsə tələsirdilər. Evləri isə bir məzarlıq qədər səssiz və qaranlıq idi. Hər gün günəşin şüalarıyla parlayaraq insanın içini isidən və yeni günün necə gözəl keçəcəyini xəbər verən pəncərələr bugün qaranlığın əsarəti altından çıxa bilməmişdi. Günəş sanki öz məharəti ilə hər tərəfi rəngarəng boyamış, lakin onların evini unutmuşdu. Eric pəncərələrə yaxınlaşmağa qorxurdu çünki nə görəcəyi barədə düşünəndə tükləri biz-biz olurdu. Boş küçələr mi yoxsa cəhənnəmdən gələn varlıqlar mı? Hələ də günorta vaxtı evlərinin necə qaranlığa bürünmüş olduğunu anlaya bilmirdi. Hələ valideynlərini düşünəndə lap dəhşətə gəlir, həmçinin də qəzəblənirdi. Bütün bir dünyada zaman sadəcə onların evində mi dayanmışdı? Eric anlayırdı ki, sonsuza qədər otağında qalıb hər şeyin düzəlməsini gözləyə bilməz. Nəsə etmək lazım idi. Ayağa qalxıb ürkək addımlarla otağın pəncərəsinə yaxınlaşdı. O anda indiyə qədər baxmış olduğu qorxu filmlərinə baxmamış olmağı diləyirdi, çünki xəyal gücü son sürətlə beynini qorxunc görüntülərlə doldururdu. Sonsuzluq kimi görünən bu bir neçə saniyənin sonunda pəncərədən çox yaxşı tanıdığı küçəni seyr edirdi. Hər şey – evlər, yol kənarındakı ağaclar, otlar – son dərəcə hərəkətsiz, mahir bir rəssamın canlandırmış olduğu bir mənzərə kimi görünürdü. Günəşin isə ən xırda bir əlaməti belə görünmürdü. Ericin bayaq qapıdan çıxdıqda gördüyü tanış mənzərə, eşitdiyi tanış səslər, gözünü qamaşdıran günün ilk şüaları sanki evi içinə alan böyük bir kürə tərəfindən maskalanmışdı. Maraqlı tərəfi isə budur ki, bu evi içinə alıb qaranlığa qərq edən qüvvə necə olmuşdu ki, gəncin özünə qarşı təsirsiz qalmışdı? Elə bunu düşünərək bir neçə addım geriyə gedib öz yatağına oturdu. Fikirlər beyninə hücum edib onu dərin düşüncəyə qərq etdiyi anda birdən bir parıltı onu sanki ayıltdı. Öncə hardan gəldiyini anlamadı. Bir an sonra isə yerdəki saatı gördü. Otağa elə təlaşla girmişdi ki, qapını çırparaq saatı yerə saldığını tamamilə unutmuşdu.

Köhnə saat

        Ericin otağındakı saat çox köhnə idi. Onu 6-7 il öncə evlərinin çardağında tapmışdı. Saatın əqrəblərinin arxasında günəş tutulması əks olunmuşdu. Bu şəkil çox xoşuna gəldiyindən Eric saatı ehtiyatla götürüb otağına asmışdı. Qəribədir ki, indi o anı düşündükdə saatın qeyri-adi şəkildə isti olduğunu xatırlayırdı. Amma o zamanlar hələ 10 yaşında olduğundan buna elə də fikir verməmişdi. Saatı əlinə aldıqda içinə bir istilik gəldiyini, tüklərinin biz-biz olduğunu hiss etmişdi və sevinə-sevinə bu gözəl saatı otağına gətirmiş, stulun üzərinə çıxaraq divardan asmışdı. İndi həmin anı xatırladıqca Eric başqa bir qeyri-adi məqama da heç fikir vermədiyinin fərqinə vardı. Bugünə qədər saatın enerjisi heç bitməmişdi. Eric heç vaxt saatın batareyasını dəyişməmişdi. Bu sadəcə həyatımız boyu onlarla, bəlkə yüzlərlə xırda, lazımsız, düşünmədən gördüyümüz və yoxa çıxsa fərqinə belə varmayacağımız işlərdən biri idi.

        Hal-hazırda isə həmin saat üzü üstə yerə düşmüş və arxasında, plastik materialın altında bir parıltı var idi. Eric yerindən qalxıb saata yaxınlaşdı. Əyilib parıltının gəldiyi hissəyə diqqətlə nəzər saldı. Saatın içində parlayan cisim plastikin üzərində dairəvi bir forma yaradırdı. Eric artıq neyləmək lazım olduğunu bilmirdi. Qısa müddət ərzində kifayət qədər qeyri-adi hadisə yaşamış və artıq həm yorğun, həm də qorxu içində idi.

Fərqli dünya

        Ən azından Ericə kömək etməyə bir dostu yanında olsaydı qorxusu azalar, həmçinin birlikdə bu vəziyyətdən daha tez çıxış yolu tapardılar. Onun ilk ağlına gələn bir az əvvəl zəng vurmaq istədiyi yaxın dostu idi. Qapını açarkən yaşadığı şokun təsirindən onu tamamilə unutmuşdu. Həmçinin evdən kənarda olan heç kimlə ünsiyyət qurmağı hələ yoxlamamışdı. Bəlkə sadəcə olaraq bayıra çıxıb tanıdığı insanlara bu anormal vəziyyət barədə məlumat versə qısa zamanda hər şey düzələcəkdi?! İçində parlayan bu ümidlə Eric içində işıq parlayan saatı oradaca qoyub aşağı mərtəbəyə endi. Bütün qüvvəsini toplayıb evin qapısını açdı. Yavaş addımlarla evlərinin qarşısındakı yola yaxınlaşdı. Yanından ötən insanların baxışlarında, hərəkətlərində Ericin anlamadığı bir çatışmazlıq var idi. Buna çox da fikir verməyərək yolu keçdi və dostunun yaşadığı evə tərəf addımladı. Elə bu anda dostunun evdən çıxdığını gördü. Sevinərək dostuna səsləndi:

  - William, salam!

       Və yenə o qorxunc anlardan biri! Eric elə o saniyə dəhşət içində çatışmazlığın nə olduğunun fərqinə vardı. William onu görmürdü. Heç kim onu görmürdü. Dəfələrlə səslənsə də William heç nə olmamış kimi küçə ilə yoluna davam edirdi. Eric düşündü ki, bəlkə ətrafda səs çıxarmaqla Williamın ya da başqa birinin diqqətini çəkə bilər. Bir daş götürmək üçün yerə əyildi. Lakin o daşı qaldırmağa çalışanda sanki daş onu özünə çəkdi. Xırda bir daş parçası elə bil yerə yapışmışdı. Eric yolun kənarındakı kollara yaxınlaşdı. Kolları da eləbil yapışqanla bərkitmişdilər. Eric fiziki dünya ilə əlaqəsini itirmişdi. Hər şeyi görür, hiss edir və toxuna bilirdi amma heçnəyə təsir edə bilmirdi. Williamın arxasında qaçıb onu çiynindən tutmaq istədi amma William az qala onu yerə yıxacaqdı. Çünki Williamın eləbil bir ton ağırlığı vardı və Eric ondan yapışsa, William onu heçnə hiss etmədən sürüyüb aparardı. Eric anlayacağını anlamışdı. Fiziki dünyada bir illüziyaya çevrilmiş və hər şey üzərində olan qüvvəsi yox olmuşdu. Yox, yalnız bir istisna var idi: ev. Öz evlərində hələ də hər şey onun əlində idi. Yeganə çıxış yolu evə qayıdıb bu qəribə hadisələrdə bir məna tapmaq idi.

Ümid parıltısı

Eric evdən çıxanda içində olan kiçik ümid parıltısını da itirmiş halda geri qayıtdı. İndi yeganə ümid Ericin içində yox, saatın içində parlayırdı. Öncə olanları yaxşıca götür-qoy edib sonra addım atmaq lazım olduğunu düşünərək yatağında oturdu. Nə baş verirdi axı? Niyə bayırdakı dünya ilə əlaqəsi kəsilmişdi? Niyə evlərinin ətrafındakı bu kürəyə həbs olmuşdu? Bu kürədə zaman niyə yoxa çıxmışdı? Amma problem məhz evlə əlaqəli olsaydı, niyə Eric evdən kənarda olan həyatla əlaqəsini itirmişdi? Bəlkə gənc oğlanın özünə nəsə olmuşdu? Doğrudanmı, Eric ağlını itirirdi? O, bütün bu fikirlərin içində boğularaq otaqda var-gəl etməyə başladı. Çox düşünmədi çünki qarşısındakı seçimlər məhdud idi. Yerdə duran saatdan başqa çıxış yolu görünmürdü. Ericin səbri tükənməyə başlayırdı. Tez gedib mətbəxdən bir bıçaq götürüb otağına qayıtdı. Saatın içində parlayan cismin nə olduğunu aydınlaşdırmağın vaxtı gəlib çatmışdı. Parlaq cismi zədələmədən bıçağı saatın arxasındakı plastik təbəqəyə batırdı. Yavaş hərəkətlərlə plastikdən əyri bir kvadrat kəsdi və bıçaq vasitəsilə onu qoparıb bir qırağa qoydu. Gözünün qarşısında səliqə ilə yerləşdirilmiş iki cisim var idi: ovucun içi həcmində, içi qaramtıl olan lakin səthi necəsə parlayan bir kürə və köhnəlikdən saralmış, rulon şəklində bükülüb qara lentlə bağlanmış kağız parçası. Eric nə olduğunu bilmədiyi bu kürəyə toxunmağa çəkinirdi. Buna görə də ehtiyatla kağız parçasını götürdü və açdı. Üzərində italik şriftlə bir neçə cümlə yazılmışdı:

Zaman axar su kimidir,
O hər kəsə kömək edər.
Sular buza döndüyündə,
Şüur dərin yuxuya gedər.
Düşün! Doğru anı düşün!
Çarxlar yenə dövran edər.
Axtar! Keçmişini axtar!
Parlaq nuru tapana qədər...
                                        20.05.2020  6:00

        Sonda qalın hərflərlə Ericin bugün yuxudan ayıldığı, bütün bu ağlasığmaz hadisələrin başladığı tarix göstərilmişdi. Demək bütün bu hadisələr öncədən bilinirdi. Hardan gəldiyi qeyri-müəyyən olan bu saat ta Ericin uşaqlığından bu yana bu dəhşətli hadisələri törətmək üçün işləyir və hər saniyə onu bu uçuruma bir az da yaxınlaşdırırdı. Eric sətirləri dəfələrlə oxusa da nə etmək lazım olduğunu anlamırdı. Nəyi düşünməli, nəyi axtarmalı idi? Yeganə anladığı bu sözlərin ona çıxış yolunu göstərməsi idi. Eric həyəcanlanır, bütün bədəni ovuclarına qədər tərləyirdi çünki hər şey bu sətirlərin mənasını açmaqdan asılı idi. Kürəyə əlini yaxınlaşdırdı. Ondan istilik yayılsa da təhlükəli dərəcədə deyildi. Eric nəfəsini tutub kürəni əlinə aldı. Elə o anda həzz verən, çox şirin bir istilik bütün bədəninə yayıldı. Tükləri biz-biz oldu. Oradaca uzanıb gözlərini qapamaq və dərin yuxuya getmək istəyirdi. Lakin Eric qorxub tez kürəni yerə atdı və o andaca özünə gəldi. Qorxaraq ayağa qalxdı və iri açılmış gözlərlə kürəyə baxdı. Bir müddət sonra sakitləşib saralmış kağızı əlinə götürdü və qalxıb yatağında əyləşdi. Sətirləri diqqətlə yenidən oxumağa başladı. Onu xilas edə biləcək sirr bu sətirlərdə gizlənmişdi.

Birinci səyahət

Sular buza döndüyündə,
Şüur dərin yuxuya gedər.

        Bəlkə elə Ericə lazım olan da yuxuya getmək idi? Mətndə zaman suya bənzədilir, su donduqda isə dərin yuxuya getməkdən söz açılırdı. Eric qorxmasına baxmayaraq qərarını verdi. Hər nə baş versə də, burda əli-qolu bağlı oturmaqdan yaxşı idi. Hər yolu yoxlamaqdan başqa çarə yox idi. Bunları düşünən Eric otağın küncünə yuvarlanmış kürəni götürdü. Yuxunun onu ağuşuna aldığını hiss etdikdə özünü yatağına atdı. Bir dəqiqə boyunca, onlarla şirin, acı xatirələri gözlərinin qabağında canlanırdı. Son düşündüyü isə məktəblərində axırıncı dəfə keçirilmiş partidə Julianı gördüyü an idi. Eric sanki bütün varlığı ilə həmin ana nüfuz edirdi. Hər şey olduqca real görünür, o eləbil həmin anı bir daha yaşayırdı. Eric bir neçə gün əvvəlki özünə kənarda tamaşa edirdi. Yuxuda olduğunun fərqində idi, lakin eyni zamanda hər şey inanılmaz dərəcədə həqiqi və canlı görünürdü.

        Partidəki Eric gələcəkdən gəlib qıraqdan ona baxan özündən xəbərsiz halda dostları ilə söhbət edir və həmçinin tez-tez onlardan bir az aralıda oturub sərin içkisindən həzz alan Juliaya tərəf baxırdı. Julia oynamaqdan yorulmuş və bir az nəfəsini dərmək üçün rəfiqələrindən ayrılıb masalardan birində tək oturmuşdu. Bu keçmişdəki Eric üçün gözlənilməz fürsət idi amma heç cür cəsarətini toplayıb Juliaya yaxınlaşa bilmirdi. Birdən əgər Eric ona tərəf gedəndə Julia qalxıb getsə yaxud oturmaq üçün izin istədikdə “yox” cavabı versə nə olacaq? Ən pis halda isə o heç Ericin salamını belə almaya bilər. Keçmişdəki Eric bütün bu ehtimalları götür-qoy edərkən gələcəkdən gələn özü də qıraqdan tamaşa edirdi. O artıq bilirdi ki, beş dəqiqədən sonra artıq gec olacaq və Julia qalxıb rəfiqələrinin yanına qayıdacaq. “Saat 6-dan gələn” Eric nə məqsədlə gəldiyini belə unudaraq keçmişdəki səhvini düzəltmək barədə düşünürdü. Amma bayaqkı kimi, fiziki dünya üzərində heç bir gücü yox idi. Bütün cisimlər yerinə “mıxlanmış”, heç kim onu nə görür, nə də eşidirdi. O, keçmişdəki özünə tərəf baxıb səbirsizliklə “Eric, tez ol! Julianın yanına get! Gecikirsən!” deyə yüksək səslə dilləndi. Bu anda gözlənilmədən dostlarının yanında duran Ericin başını çevirib boş və çarəsiz gözlərlə özünə tərəf baxdığını gördü. Lakin bu iki saniyədən artıq çəkmədi. “Saat 6-dan gələn” Eric başa düşdü ki, keçmişdəki özü onu görməsə yaxud eşitməsə də, necəsə hiss edir. O, cəld özünə tərəf gedib düz yanında dayandı. Göz-gözə gəlməməyə çalışırdı çünki bu çox qəribə və qorxunc hiss etdirirdi. Astadan keçmişdəki Ericin qulağına pıçıldamağa başladı:

-  Eric, cəsarətli ol! Bu fürsət bir daha əlinə düşməyə bilər. Əgər indicə hərəkət etməsən necə olacağını çox yaxşı bilirsən. Ən pis halda sənə heç bir cavab verməyəcək və bir neçə gün dostlarının zarafatlarına dözməli olacaqsan. Amma söhbət edə bilsən və ən yaxşı halda rəqs etsəniz, hər şeyin necə gözəl ola biləcəyini bir xəyal et! Hə, Eric, çəkinməli heç nə yoxdur! Hərəkət et!

Keçmişdəki Eric sanki bütün bunları eşidirmiş kimi gözləri parladı. Birdən hərəkətə gəlib Juliaya tərəf getməyə başladı. Həqiqətdə isə bu baş verməmişdi. Elə o anda hər yer yavaş-yavaş bulanıqlaşdı və Eric çarpayısında oyanıb gözlərini tavana zillədi. Ovcunda möhkəm sıxıb saxladığı kürəni yatağın üzərinə qoydu. Görəsən, keçmişdə hər hansı bir dəyişiklik edə bilmişdi? Etmişdisə nəticəsi necə olmuşdu? Lakin o anda acı həqiqəti qavradı. Əgər bu qaranlıqdan qurtula bilməsə, heç bir dəyişikliyin önəmi yox idi. Səhv yaxud düz qərarlar yalnızca zamanın axdığı bir dünyada müəyyən məna qazanırdı.


İkinci səyahət

Düşün! Doğru anı düşün!
Çarxlar yenə dövran edər.
Axtar! Keçmişini axtar!
Parlaq nuru tapana qədər...

        Eric üzərində ona yol göstərən sözlər yazılan sarımtıl kağızı əlinə alıb otağında gəzə-gəzə düşünməyə başladı. Bir az əvvəl yatarkən düşündüyü ana səyahət etmiş və hətta bəlkə də nəyisə dəyişə bilmişdi. Demək ki, “doğru anı düşün” cümləsi buna işarə edirdi. Ancaq bu da aydın idi ki, doğru an Ericin bir neçə dəqiqə əvvəl səyahət etmiş olduğu zaman dilimində deyildi. Doğru an bütün bunlara gətirib çıxaran bir səbəblə bağlı olmalı idi. Keçmişdəki “parlaq nur” nəyə işarə edirdi? Parlaq... İndi Ericin yatağının üstündə parıldayan kürə kimi parlaq... Eric bu parıltı ilə keçmişdə yalnız bircə dəfə təmasda olmuşdu. Məhz həmin an bütün bu dəhşətli hadisələrin kökündə dayanırdı. Onun dünyasını qaranlığa qərq edən illər əvvəlki bu təmasın qarşısı alında, hər şey öz axarıyla davam edərdi. Bütün bunlardan təngə gələn Eric kürəni əlinə alıb yerinə uzandı. Uzun illər boyu detallarını unutmuş olsa da, var gücü ilə parlaq nuru içində saxlayan saatla ilk qarşılaşdığı zamanı düşünməyə başladı. Yuxuya getməyi bir qədər çox çəksə də, dəqiqələr sonra kənardan balaca Ericin oğrun-oğrun çardağa qalxan pilləkənləri çıxdığını izləyirdi. Cəld tərpənib balaca Eric qapını açan kimi onunla birlikdə çardağa daxil oldu. Əks halda qapını açmağı qeyri-mümkün idi. Balaca oğlan beş dəqiqə digər əşyaların arasında eşələndikdən sonra saatı tapmış olacaqdı. “Saat 6-dan gələn” Eric cəld oğlana yaxınlaşıb o eşitməsə də danışmağa başladı:

 -  Eric, sən burda olmamalısan! Atan görsə sənə bərk acıqlanacaq.

Balaca oğlan bir anlıq tərəddüdlə ətrafına baxsa da, yenidən köhnə əşyalarla oynamağa davam etdi. Böyük Eric yenidən dilləndi:


 - Sənin burda olmağın çox təhlükəlidir, Eric! Nəyisə üstünə aşıra bilərsən.

Faydası yox idi. Bu sadalanan təhlükələr balaca bir oğlanın marağının öhdəsindən gəlmək üçün kifayət deyildi. Vaxt isə azalırdı. Bir neçə dəqiqədən sonra balaca oğlan saata toxunduqda artıq iş işdən keçmiş olacaqdı. Eric öz uşaqlığını düşündü. Onu buradan dərhal uzaqlaşdıra biləcək nə ola bilərdi? Birdən yadına düşdü. 13-14 yaşlarına qədər yuxularında belə onu qorxudan, hansısa cizgi filmində gördüyü məxluq xəyalında canlandı. Tez balacaya tərəf əyilib pıçıldadı:

 - Eric, qırmızı gözləri, tək buynuzu, qapqara üzü olan canavar buralardadı. Burdan dərhal çıxmasan səni tapacaq!

Uşağa eləbil iynə batırdılar. Dərhal əlində nə varsa yerə atıb ətrafını narahatlıqla süzə-süzə qapıya tərəf yüyürdü. Eric isə məmnun, lakin bir az da kövrək gülümsəmə ilə balacalığının arxasınca baxırdı. Ətrafdakı hər şey öncəki səyahətin sonundakı kimi bulanmağa başladı.

Yenilənmiş təsəvvür

        Eric gözlərini açanda yenə də yatağında idi. Bir neçə saniyə uşaqlığını görməyin yaratdığı kövrəldici emosiyalarla tavana baxdı. Sonra isə ovcundakı kürənin yoxa çıxdığını hiss etdi. Bunun verdiyi rahatlıqla ətrafına göz gəzdirdi. Həmin saatı nə yerdə gördü, nə də divarda. Əvəzində isə divardan sadə və daha müasir bir saat asılmış, çıqqıltısı ilə Ericin içini sevinclə doldururdu. İndiyə kimi etmədiyi qədər dərin bir nəfəs aldı və qalxıb pəncərəyə yaxınlaşdı. Hələ üfüqdə günəş görünməsə də yüngül əsən mehin ağacların yarpaqlarını tərpətdiyini hiss etmək olurdu. Otağından çıxıb aşağı endi. Bütün saatları bir-bir yoxladı. Hamısı Erici hər saniyə gələcəyə doğru yaxınlaşdırırdı. Bu gələcəyin ona nə gətirdiyini, hansı qərarları verməli olacağını bilmirdi. Lakin bunların artıq heç bir önəmi yox idi. Əsas olan zamanın onu bütün doğruları və yanlışları ilə birgə öz içinə alıb gələcəyə doğru aparması idi. Peşmanlıq doğuran hadisələri dərd etmədən, böyük sevinclərin, parlaq qələbələrin əfsununda isə çox qalmadan hər anı bir ömür kimi xüsusi etmək, ondan həzz alaraq yaşamaq ən vacib amil idi. Sevinərək atdığımız bir addımın nə vaxtsa bizi qaranlığa təslim edəcəyini, yaxud yanlış sandığımız bir qərarın gələcəkdə yeni bir günəşə çevrilə biləcəyini bilə bilmərik. Buna görə nə doğru özü-özlüyündə tam doğrudur, nə də yanlışımızdan qorxmaq lazımdır. Önəmli olan bunların bütünlüyü, davamlılığı, rəngarəngliyi və qoyduğu iz ilə başqalarının həyatına, dünyaya dəyər qatmasıdır. Bəli, Ericin zaman haqqında təsəvvürü bir daha eyni olmayacaqdı.

        Qapını ehtiyatla açıb küçəyə nəzər saldı. Bu mənzərəyə əvvəllər bu qədər sevgi ilə baxdığını xatırlamırdı. Qapını astadan örtüb yol qırağı ilə kiçik bir gəzintiyə çıxdı. Səhərin sərin havasını içinə çəkərək hər daşa, hər ağaca toxunur, onlarla eyni zamanda və eyni məkanda olmaqdan həzz alırdı. Evə qayıtdıqdan sonra bugün səhər yeməyini anası oyanmazdan öncə özü hazırlamağı qərara aldı. Amma öncə, bu qorxunc hadisələrə son qoymaq üçün bir addım da atmaq lazım gəlirdi. Eric şkafdan içinə zibil doldurduqları plastik torbalardan birini götürdü. Çardağa qalxıb içəridən uzun bir taxta parçası da tapdı. Saatın olduğu yeri ehtiyatla boşaltmağa başladı. Gözlədiyi kimi saat yerində idi və üstü bir az da tozlanmışdı. Torbanın ağzını geniş açıb saatın önünə qoydu və əl dəyməmək üçün onu taxta ilə itələyib torbanın içinə saldı. Torbanın ağzını yavaş-yavaş qaldırıb yaxşıca düyünlədi. Yenə də içindəkinin özünə hər hansı bir şəkildə dəyməməsindən ehtiyat edərək torbanı götürüb küçəyə çıxdı. Bacardığı qədər uzağa gedib plastik torbanı böyük zibil yeşiklərindən birinə atdı. Son dəfə sinə dolusu dərin bir nəfəs alıb evə qayıtdı. Artıq saat 7 olmuşdu. Mətbəxə girməyin vaxtı idi...

Doğru qərar


        Thomas son beş ildir ki, küçələrin təmizliyinə nəzarət edən şirkətdə işləyirdi. Təxminən 40 yaşında olan Thomas iki uşaq atası idi. Bugün də həmişəki kimi saat 9-da iş yoldaşının sürdüyü zibil maşını ilə küçələrdəki yeşikləri boşaldırdılar. Küçədəki sonuncu yeşiklərin yanında dayandılar və Thomas artıq yorulduğundan asta-asta maşından düşdü. Əvvəlcə yeşiklərin üstündəki böyük cisimləri əl ilə maşına atırdı ki, yerə dağılmasınlar. Ən üstdəki plastik torbanı götürdü. Atmaq üçün yuxarı qaldıranda içində nəyinsə parıldadığını gördü. Torbanı aşağı endirib ağzını açanda üzərində günəş tutulması təsvir olunmuş, köhnə də olsa çox gözəl olan bir saat gördü. Düzdür, üzdən parıldayan heçnə görünmürdü amma Thomas buna elə də fikir vermədi. Uşaqlar bu saatı görəndə çox sevinib atalarına təşəkkür edəcəkdilər. O, sevinərək torbanı maşının kabininə qoydu. İş yoldaşı bunun nə olduğunu soruşanda uşaqlar üçün oyuncaq tapdığını dedi. Yeşikləri maşına boşaldıb yollarına davam etdilər. Thomas yol boyu ürəyi sevinclə döyünərək saatı düşünürdü. Həmçinin, o torbanı atmayıb içinə baxmaqla necə doğru qərar verdiyini fikirləşib özü ilə fəxr edirdi...

Comments

Post a Comment

Popular posts from this blog

Random story #1